Molla Nəsrəddinin Avropa sərgüzəştləri | Müqəddimə

Mənim əzizlərim, xeyli vaxt idi ki, bir arzu qəlbimə hakim kəsilmişdi, əqlimi heç cürə  tərk edə bilməyirdi. O, bəzən soyuq gecələrdə şirin yuxuma girib dincimi pozur, mənə əzab verirdi. Mən inadla nəfsimə müqavimət göstərir, onunla mübarizə aparmağa cəhd edirdim, amma hər dəfə məğlub ayrıldığım o səylərimin bir nəticəsinin olmadığını anlayanda nəhayət, arzumun ruhum üzərindəki qələbəsilə əlacsızlıqla barışmalı olurdum.


Hamınız çox yaxşı xəbərdarsınız ki, mən bu qoca ömrümdə şərq dünyasını xeyli gəzmiş, Ərəbistanda, İraqda, Osmaniyyədə, Həştərxanda, Türküstanda və neçə-neçə başqa diyarlarda səfərlərdə olmuşam. Amma və lakin bu ahıl yaşıma, dərin elmimə rəğmən, daha uzaqlara səyahət etmək, yəni geniş dəryaların sonundakı, uca dağların dalındakı, keçilməz meşələrin çəpər çəkdiyi, günəşin batdığı, şaxtalı rüzgarın əsdiyi o yad Avropa torpağını görmək mən biçarəyə  qismət olmamışdı. 

Doğrusu, ürəyimi ağrıdan başqa bir məqam da var idi və bunu səmimiyyətlə etiraf etməliyəm. Nə vaxt bizim elin-obanın uşağını, gəncini, qocasını ətrafıma toplayıb, onlara duzlu-məzəli əhvalatları nəql eləsəm, hər dəfə mənə o yabancı torpaqlar haqqında qəribə-qəribə suallar verilirdi və mən də o naməlum suallara doğru-dürüst cavab verə bilməyib, bu qoca sinimdə utanc vəziyyətinə düşür, elin önündə rüsvay olurdum. Bu səbəbdənbir neşə il əqdəm qərar verib, əhd elədim ki, iş-gücümü sahmana salıb, inşallah, Avropa torpaqlarına səfərə gedəcəyəm.

Allah-təalaya min şükür və həmd olsun ki, mənim bu istəyimi ürəyimdə qoymadı, ruhuma, vücuduma qüvvət verib, məni həsrətində olduğum bu səyahəti həyata keçirməyə layiq bildi. Mən səfərim boyunca bir çox yad ölkələri gəzib, müxtəlif şəhərlərdə, kəndlərdə mehman oldum, cürbəcür Adəm övladları ilə rastlaşdım, söhbətləşdim, elmimi daha da inkişaf etdirdim. Eyni zamanda sizləri də unutmayıb, başıma gəlmiş hadisələri, eşitdiyim, gördüyüm əhvalatları bircə-bircə hafizəmə və dəftərimə həkk etdim, öz yurdumda onları sizlərlə bölüşmək niyyətiylə geri döndüm. 

İndi artıq qayıtmışam və hüzurunuzdayam. Deməli, həmin rəvayətlərin mənim dilimdən izhar olub, sizlərə məlum olmaq vədəsi yetişib. Yerinizi rahat, qulaqlarınızı açıq edin. Sizə elə şeylər danışacam ki, bəzən eşitdiklərinizə mat-məəttəl qalacaqsınız, inanmayacaqsınız, amma vaxtaşırı mənim kimi molla dayınızın olması ilə də xeyli fəxr edəcəksiniz.

Molla Nəsrəddinin Avropa sərgüzəştləri 

Müəllif: Səməd Səfərov, İlmar Qəhrəmanov / 525-ci qəzet  

Həmçinin bax: Molla Nəsrəddin haqqında
                    Molla Nəsrəddinin lətifələri 

 

5 şərh

pascal
Ardı olacaq?
Someone
hə əlbətdə olacaq, bir neçə saata yeni mövzu nəşr olunacaq.
azadmamedov90
men hec ne anlamadim
Someone
Yeni mövzu nəşr olundu artıq, buyurun oxuyun
kulturoloq
İnşallah söhbətin konret mahiyyətindan xabərdar etsəz yaxşı olar!